Apple şirkətinin “Uçan boşqab” maketinin təsvirləri dərc olunub
Məlum olduğu kimi, Apple Kupertinoda elmi-fantastik filmdən olan kosmik gəmiyə bənzər yeni şəhərciyin inşasını planlaşdırır. Bu dördmərtəbəli dəyirmi binadır, Stiv Cobsun istəyinə uyğun olaraq onun tikintisində ən müasir avadanlıq və texnologiyadan istifadə olunmalıdır. Maketin şəkillərini Apple şirkətinin maliyyə direktoru Peter Oppenheimer sosial şəbəkədə paylaşıb. ABŞ korporasiyasının yeni baş qərargahı 12000 nəfər üçün nəzərdə tutulub.
Dördmərtəbəli bina Infinite Loop küçəsində yerləşən və 2800 nəfər üçün nəzərdə tutulmuş cari ofisi tamamlayacaq. Onun diqqət çəkən məqamlarından biri, özü üçün elektrik enerjisini özünün yaratmasıdır.
“Bu layihəyə nə qədər enerji, sevgi və diqqət sərf etdiyimizə baxın,- Oppenheimer bildirib-biz bu qərargaha Apple-ın yeni məhsulu kimi yanaşırıq. Bu, sənayedə innovasiya yaradacaq ən yaradıcı və mehriban mütəxəssislər üçün yer olacaq”.
Apple yeni ofis binasının layihəsini 2011-ci ildə təqdim etdi, o zaman ona şəxsən Stiv Cobs nəzarət edirdi. Icraçı direktor vəzifəsində olarkən, o, Kupertino Şəhər Şurasında planlarını açıqladı. “Apple alaq otu kimi artır. Aydındır ki, yeni şəhərcik salmaq lazımdır”,- Stiv Cobs bildirmişdi.
Indi Apple, ofisin dizaynında yeni standartlar təyin etməyə hazırlaşır. Yeni baş qərargahda hər bir şey Cobs sayağı təşkil olunub: geniş otaqlar, böyük şüşə səthlər və alma bağları- binanın xaricində və həmçinin həyətində. Yeni şəkil qalereyası Apple-ın “uçan boşqab”nın nəinki daxildən, həmçinin kənardan da necə göründüyünü təsvir edir.
Dördmərtəbəli binada yalnız qıvrımlı şüşələrdən istifadə olunacaq, şəhərciyin mərkəzində isə 6000 ağacdan ibarət olan park yerləşdiriləcək. Baş qərargahın elektrik enerjisini isə təbii qaza və günəş batareyasına əsaslanan sistem təmin edəcək, həmçinin 3000 ziyarətçi tutumu olan təqdimat və kafe üçün zalların inşası nəzərdə tutulub.
Kompleksin görünüşü Foster and Partners Britaniya memarlıq firması tərəfindən hazırlanmışdır.
Gözlənilir ki, şəhərcik öz qapılarını 2016-cı ildə açacaq. Möhtəşəm binanın tikintisinə Apple şirkəti ən azı 5 milyard dollar sərf edəcək, bu, əvvəlki hesablamalardan təxminən 1.5 dəfə çoxdur.